Bozun əlli çaları (film musiqisi)
“Fifty Shades of Grey: Original Motion Picture Soundtrack” — E.L. Ceymsin eyni adlı romanı əsasında 2015-ci ildə istehsal edilmiş “Bozun 50 çaları” filminin “Republic Records” tərəfindən 10 fevral 2015-ci ildə çıxarılmış film musiqisi albomudur.
== Hazırlanması ==
Albom haqqında danışıqlara çıxış tarixindən iki il əvvəl, filmin çəkiləcəyi elan edildiyi vaxtdan başlanmışdı. Universal studiyasının film musiqisi və yayımı üzrə prezidenti Mayk Knoblox deyir: “Biz həqiqətən də, musiqinin filmin özəyi olmasını istəyirdik. Planlaşdırırdıq ki, mümkün qədər original material yaradaq, film musiqiləri həm sözləri həm də musiqiləri ilə kitabın məzmununu ifadə etsin.”
Beyonse filmlə maraqlanan ilk musiqiçilərdən biri olmuşdur. Knoblox deyir: “O, fikirləşirdi ki, karyerasında nəsə gözəl bir addım ata bilər və ya öz brendi üçün irəliləyiş edə bilər.” Sia Knoblox və musiqi rəhbəri Dano Dano tərəfindən filmdə işə cəlb edilmişdi: “İki əsas qəhrəman arasında ilk dəfə intim yaxınlaşmanın baş verdiyi səhnə filmin ən mühüm anlarından biridir. Sia bizim üçün mahnını ifa etdi və biz dedik ki: “Bu çox yaxşıdı, lakin, bundan daha yaxşısı və ya daha güclü nəsə etmək mümkündürmü?” Sonda biz işi onun öhdəsinə buraxaraq film üçün yaxşı mahnı yazmasını xahiş etdik.” “The Weeknd” layihənin lap əvvəlindən ona qoşulmuş musiqiçilərdən biridir. “Republic Records”un meneceri Tom Makkey qeyd edir ki, “O, müxtəlif səhnələr üçün bir neçə mahnı üzərində işləyirdi. Bəziləri üzərində iş davam etdirildi, bəziləri üzərində isə yox. Lakin o işə davam etdi və sonda “Earned It” mahnısını yazdı ki, bu da onun yaradıcılığında həmin vaxta kimi yazılmış ən böyük mahnı idi. Bu, filmdə iki dəfə istifadə olunmuş yeganə mahnıdır.”
12 yanvar 2015-ci ildə E.L.Ceyms film musiqisi albomunun 10 fevral 2015-ci ildə çıxarılacağını elan etmişdi.